Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə Azərbaycanla İran arasında münasibətlərin dərin köklərə malik olduğunu, sovet imperiyasının qadağalarına baxmayaraq, bu əlaqələrin davam etdiyini deyib. O, apreldə Bakıda “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda keçirilmiş dini liderlərin ümumdünya sammiti barədə danışaraq belə bir tədbirin Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb.
S. M. Hüseyni isə QMİ-nin gördüyü işləri yüksək dəyərləndirərək iki ölkə arasında münasibətlərin qənaətbəxş olduğunu bildirib: “Şeyx cənabları, mən sizi İrana dəvət edirəm və ümid edirəm ki, bu dəvət qardaş ölkələr arasında münasibətlərin daha da inkişafına, eləcə də Azərbaycanda və Qafqaz regionunda islam dininin qüdrətlənməsinə səbəb olacaq”.
A. Paşazadə “Qurani-Kərim”in idarədə toplanmış ən qədim nüsxələri barədə qonağa məlumat verib və bu kitabların bərpası probleminin mövcudluğundan söhbət açıb. İranlı nazir bu dəyərli işdə QMİ-yə yardımçı ola biləcəklərini şeyxülislamın diqqətinə çatdırıb.