Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə səfəri başa çatıb.
RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-ECONOMICS”ə bildirib ki, səfərdə məqsəd İslam Konfransı Təşkilatının (İKT) Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) 27-ci görüşündə iştirak etmək olub.
Görüşdə Azərbaycanın təşəbbüskarı olduğu və ötən ilin dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnaməsi qəbul olunmuş “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi haqda iştirakçılara məlumat verən nazir ölkəmizin qeyri-neft, xüsusilə İKT sektorunda aparılan islahatlar, görülmüş işlər və region üçün böyük əhəmiyyət kəsb edən təşəbbüslər haqda komitə üzvlərini məlumatlandırıb. TASİM layihəsinin İKT-yə üzv ölkələr üçün də əhəmiyyəti nəzərə alınaraq təşəbbüs Rəyasət Heyətinin təklifi ilə komitənin iş planına daxil edilib.
İclas çərçivəsində komitə üzvləri son illər ölkədə İKT, yüksək texnologiyalar və süni peyk sahəsində aparılan nümunəvi işləri nəzərə alaraq Azərbaycanı alternativ enerji mənbələri üzrə İslam ölkələri şəbəkəsinin əlaqələndiricisi kimi qəbul ediblər. Eyni zamanda iclas müddətində ölkəmizdə süni peykin yaradılması üzrə işlərə yeni başlanmasına baxmayaraq, uğurlu təcrübənin digər üzv ölkələr arasında bölüşdürülməsinin vacib olduğu bildirilib.
Əli Abbasov səfər çərçivəsində İKT baş katibi Ekmələddin İnsanoğlu, COMSTECH-in baş əlaqələndiricisi Atta-ur-Rəhman, ö cümlədən Səudiyyə Ərəbistanının Elm və Texnologiya üzrə Kral Əbdüləziz şəhərinin prezidenti Məhəmməd İbrahim əl-Suvaiyel, Pakistanın elm və texnologiyalar üzrə federal naziri cənab Mohammad Svati, İran İslam Respublikasının elm, tədqiqatlar və texnologiya nazirinin müavini Arslan Qorbani və digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, birgə təşəbbüs və əməkdaşlıq planlarını müzakirə edib.