“Qafqaz Müsəlmanları İdarəsi hər zaman qanunsuz əməllərin əleyhinə olub. Biz hüquqi dövlətdə yaşayırıq, odur ki, hər bir məsələ sivil şəkildə, Azərbaycan qanunları çərçivəsində həyata keçirilməlidir”.
APA-nın məlumatına görə, bu sözlər Qafqaz Müsəlmanları İdarəsinin fevralın 13-də Bakıda dindarlarla polis arasında baş verən qarşıdurma ilə bağlı açıqlamasındadır. İdarənin yaydığı açıqlamada qeyd olunur ki, Qarabağ dərdi, Xocalı yarası bizim ümumi ağrımızdır: “Odur ki, bu məqamlar elə yad edilməlidir ki, haqq işimizin xeyrinə olsun, sıralarımız daha da möhkəmlənsin və ən əsası, nə bu ülviliyə xələl gəlsin, nə də bədxahlarımız bundan sui-istifadə edə bilsinlər”.
Açıqlamada, həmçinin bildirilir ki, ülvi məramla belə yürüş etmək niyyətində olan dindarlar müvafiq hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etməli, onları məlumatlandırmalı idilər: “Qanunsuz şəkildə həyata keçirilən hər hansı əməlin nə dinimizin inkişafına , nə də dindarlara faydası ola bilər. İstər dindarlar, istər polis tərəfindən xəsarət alanların olması bizi narahat edir və tərəfləri gələcəkdə belə əməllərdən çəkinməyə çağırırıq”.